
ABŞ Apellyasiya Məhkəməsi Prezident Donald Tramp administrasiyasına Ağ Evin Şərq qanadının yerində planlaşdırılan 400 milyon dollarlıq bal zalının tikintisini davam etdirməyə icazə verib.
“Reuters”in məlumatına görə, layihənin həyata keçirilməsinə qarşı qaldırılan əsas məhkəmə işinin detalları hələlik tam müzakirə olunmayıb. Vaşinqton məhkəməsinin tikintinin dayandırılması barədə qərarına yenidən baxılması üçün növbəti iclas iyunun 5-nə təyin edilib.
Qeyd edək ki, Tramp 2025-ci ildə Ağ Evdə 900 nəfərlik yeni bal zalının inşası planını açıqlamışdı. Layihə çərçivəsində Şərq qanadının sökülməsi isə ciddi etirazlara səbəb olub. ABŞ-nin Tarixi Abidələrin Qorunması Milli Fondu bu addımı qanunsuz hesab edərək administrasiya və bir sıra federal qurumlara qarşı məhkəmə iddiası qaldırıb.
İddiaçılar bildirirlər ki, 1902-ci ildə inşa edilən və 1942-ci ildə genişləndirilən tarixi binanın sökülməsi üçün hüquqi əsas yoxdur. 2026-cı ildə federal hakim Riçard Leon layihənin Konqres təsdiqi olmadan dayandırılması barədə qərar çıxarmışdı.





