
Türkiyə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Binalar və Tikinti üzrə Qlobal Alyans (GlobalABC) ilə koordinasiyalı şəkildə COP31 çərçivəsində “Beynəlxalq davamlı tikinti” müsabiqəsinə start verib.
Qanuntv.az xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişmələri Nazirliyinin baş direktor müavini Murat Bayram BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) çərçivəsində keçirilən müzakirə sessiyasında çıxışı zamanı bildirib.
“Hədəflərdən icraya: Qlobal əməkdaşlıq vasitəsilə iqlimə müsbət binaların inkişafının sürətləndirilməsi” mövzusunda keçirilən sessiyada çıxış edən Murat Bayram müsabiqənin əsas məqsədinin davamlı tikinti sahəsində qabaqcıl yanaşmaları təşviq etmək olduğunu qeyd edib.
Onun sözlərinə görə, müsabiqə çərçivəsində dünya miqyasında innovativ, enerji səmərəli, azkarbonlu və iqlimədavamlı tikinti həlləri ön plana çıxarılacaq.
Türkiyəli rəsmi bildirib ki, müsabiqənin qalibləri Antalyada keçiriləcək COP31 zamanı təşkil olunacaq yüksək səviyyəli tədbirdə elan ediləcək.
Qeyd edək ki, COP31-in davamlı şəhərsalma, enerji səmərəliliyi və iqlim dəyişmələrinə uyğun tikinti həllərinin təşviqi istiqamətində mühüm platformaya çevrilməsi gözlənilir.





