
İspaniyanın cənubundakı Kordova əyalətinin Adamuz bölgəsi yaxınlığında iki sürətli sərnişin qatarının toqquşması nəticəsində 46 nəfər həyatını itirib.
Qəza 2026-cı il yanvarın 18-də baş verib. İlkin məlumatlara görə, Malaqadan Madridə hərəkət edən Iryo şirkətinə məxsus sürətli qatar relsdən çıxaraq qarşı tərəfdəki dəmir yolu xəttinə keçib və Madrid–Uelva marşrutu üzrə hərəkət edən Renfe şirkətinə məxsus qatarla toqquşub.
Hadisə nəticəsində qatarların bir neçə vaqonu relsdən çıxıb, bəzi vaqonlar dəmir yolu xəttinin kənarındakı yamacdan aşağı düşüb. Qəza yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
İspaniyanın nəqliyyat naziri Oskar Puente qəzanın səbəblərinin araşdırıldığını bildirib. Hadisənin baş verdiyi dəmir yolu hissəsinin düz olması və yaxın vaxtlarda yenilənməsi qəzanı qeyri-adi edən amillər kimi qeyd olunub.
Məlumatı Reuters və İspaniyanın RTVE dövlət yayımçısı yayıb.





