
Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalına yekun vurulub. Turnirin qalibi İspaniya milli komandası olub.
A Divizionunun final mərhələsində İspaniya və Çexiya yığmaları üz-üzə gəliblər. Bakı Kristal Zalında keçirilən həlledici qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edib.
Gərgin idman mübarizəsi şəraitində keçən görüş İspaniya millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da ispan futbolçular turnirin qızıl medallarına sahib çıxaraq çempionluq sevinci yaşayıblar.
Qeyd edək ki, Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı gənc futbolçuların beynəlxalq təcrübə qazanması, futbolun inkişafı və müxtəlif ölkələrin idmançıları arasında əlaqələrin genişlənməsi baxımından əhəmiyyətli idman tədbiri kimi yadda qalıb.





