
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkənin ali rəhbərliyi və dövlət qurumlarının nümayəndələri ilə bir sıra mühüm görüşlər keçirilib.
Qanuntv.az xəbər verir ki, səfər zamanı Elçin Əmirbəyov Vyetnam Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbəri Le Khanh Hay, Administrasiya rəhbərinin müavini Hoanq Anh, Xarici Əlaqələr Baş İdarəsinin direktoru Vu Ha Le, Vyetnam Parlamentinin Milli müdafiə, təhlükəsizlik və xarici əlaqələr komitəsi sədrinin daimi müavini Vu Hay Ha, Diplomatik Akademiyanın prezidenti Hunq Son və digər rəsmi şəxslərlə görüşlər keçirib.
Görüşlərdə Azərbaycan-Vyetnam münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı maraq doğuran məsələlər və yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Prezident To Lam ilə görüşdə Vyetnam rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya səmimi salamlarını və ən xoş arzularını çatdırıb. O, 2025-ci ilin may ayında Azərbaycana həyata keçirdiyi dövlət səfərini minnətdarlıqla xatırladaraq, Prezident İlham Əliyev və xanımı tərəfindən göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
To Lam Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətləri, ölkəmizin regional və beynəlxalq nüfuzunun artmasını, eləcə də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşünə uğurla ev sahibliyi etməsini yüksək qiymətləndirib.
Tərəflər Azərbaycan və Vyetnam arasında dostluq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu xüsusi vurğulayıblar. Bu baxımdan 1959-cu ildə Vyetnam Prezidenti Ho Şi Minin Azərbaycana, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfərlərinin iki xalq arasında dostluq əlaqələrinin inkişafında mühüm rol oynadığı qeyd edilib.
Həmçinin Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama, Vyetnam Prezidenti Çıonq Tan Sanın isə 2015-ci ildə Azərbaycana səfərlərinin ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafına verdiyi töhfələr diqqətə çatdırılıb.
Danışıqların əsas istiqamətlərindən biri strateji tərəfdaşlığın möhkəmləndirilməsi olub. Bildirilib ki, Vyetnam Prezidentinin 2025-ci ildə Azərbaycana dövlət səfəri çərçivəsində imzalanmış Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat iki ölkə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldib.
Gələn il Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd olunacağı nəzərə alınaraq, bu münasibətlə birgə tədbirlərin keçirilməsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsi məsələləri də müzakirə edilib.
Görüşlərdə ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi məsələlərinə də xüsusi diqqət ayrılıb. Neft-qaz, bərpa olunan enerji, təhsil, nəqliyyat, müdafiə sənayesi, təhlükəsizlik və logistika sahələrində əməkdaşlıq imkanlarının geniş olduğu vurğulanıb. Eyni zamanda, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi və qarşılıqlı investisiyaların təşviqinin əhəmiyyəti qeyd olunub.
Parlamentlərarası əlaqələrin inkişafı, dostluq qrupları arasında əməkdaşlığın genişləndirilməsi və parlament üzvlərinin qarşılıqlı səfərlərinin davam etdirilməsi də müzakirə olunan məsələlər sırasında yer alıb.
Elçin Əmirbəyov görüşlər zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində görülən işlər, Cənubi Qafqazda dayanıqlı və davamlı sülhün təmin olunması üçün zəruri şərtlər, Azərbaycanın mövqeyi və həyata keçirdiyi siyasət barədə Vyetnam tərəfinə ətraflı məlumat verib.
Vyetnam nümayəndələri normallaşma prosesində əldə olunan irəliləyişi müsbət qiymətləndirərək, regionda davamlı sülhün təmin edilməsinə dəstəklərini ifadə ediblər.
Bununla yanaşı, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, müasir infrastrukturun yaradılması, eləcə də mina təhlükəsinə qarşı həyata keçirilən tədbirlər barədə məlumat verib. Bu istiqamətdə beynəlxalq əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd edək ki, Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri Azərbaycan ilə Vyetnam arasında siyasi dialoqun dərinləşdirilməsi, strateji tərəfdaşlığın möhkəmləndirilməsi və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.





