
Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq sərnişindaşımada artan tələbatı nəzərə alaraq Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayını artırır. 1 noyabr 2026-cı il tarixindən etibarən bu istiqamətdə gündəlik 4 reys həyata keçiriləcək.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.
Bildirilib ki, yeni qrafikin tətbiqi nəticəsində marşrut üzrə sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılacaq. Bu isə mövcud imkanlarla müqayisədə təxminən 50 faiz artım deməkdir.
Reyslərin artırılması sərnişinlərə daha münasib qiymətlərlə səyahət etmək imkanı da yaradacaq. Belə ki, əlavə reyslərdə standart sinif üzrə biletlərin qiyməti 36 manatdan başlayacaq. Yeni tarif seçimi əvvəlki qiymətlərlə müqayisədə təxminən 30 faiz daha ucuz səyahət imkanı təqdim edir.
Yeni qiymət cədvəlinə əsasən, bir istiqamət üzrə Bakıdan Tbilisiyə minimum gediş haqqı 54 manat, Yevlaxdan 44 manat, Gəncədən 41 manat, Ağstafadan 38 manat, Böyük Kəsikdən isə 36 manat təşkil edəcək.
Müqayisə üçün qeyd edək ki, hazırda Bakıdan Tbilisiyə "Stadler" vaqonlarında komfort sinif üzrə minimum bilet qiyməti 77,50 manat, Gəncədən isə 56,80 manatdır.
Yeni qrafik sərnişinlərə gecə səfərləri ilə yanaşı, gündüz saatlarında da səyahət etmək imkanı yaradacaq. Beləliklə, vətəndaşlar öz iş və şəxsi planlarına uyğun olaraq daha əlverişli səfər vaxtı seçə biləcəklər.
ADY-nin açıqladığı cədvələ əsasən, hazırda istismarda olan qatar Bakıdan saat 23:10-da yola düşərək növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Əks istiqamətdə isə qatar saat 11:00-da Tbilisidən hərəkətə başlayacaq və saat 20:26-da Bakı Dəmiryol Vağzalına çatacaq.
Əlavə edilən yeni reys üzrə qatar hər gün saat 09:10-da Bakıdan yola düşəcək və saat 19:11-də Tbilisiyə çatacaq. Tbilisidən Bakıya qayıdan qatar isə saat 22:00-da hərəkət edəcək və növbəti gün saat 07:57-də paytaxtda olacaq.
Qeyd olunub ki, əlavə reyslərin istifadəyə verilməsi tərəflər arasında uzun müddət davam edən birgə hazırlıq, texniki və təşkilati işlərin tamamlanmasından sonra mümkün olub.
Azərbaycan Dəmir Yolları beynəlxalq sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsi, sərnişinlərin rahat və təhlükəsiz səfərlərinin təmin olunması, eləcə də artan tələbatın qarşılanması istiqamətində fəaliyyətini davam etdirəcək.





