
Sosial şəbəkələrdə dövlət başçısının adından yayılan məlumatların, foto və videomaterialların etibarlılığının yoxlanılması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə saxta hesabların, montaj edilmiş görüntülərin və süni intellekt vasitəsilə hazırlanmış saxta səsləndirmələrin geniş yayıldığı bir dövrdə vətəndaşların yalnız rəsmi informasiya mənbələrinə etibar etməsi vacibdir.
Qanuntv.az oxucuların diqqətinə çatdırır ki, Prezident İlham Əliyevin foto və videolarını paylaşan hər bir sosial şəbəkə hesabı rəsmi mənbə hesab edilə bilməz. İstənilən şəxs dövlət başçısının görüntülərindən istifadə edərək saxta profil yarada, müxtəlif videolar hazırlaya, montaj edə və süni intellekt vasitəsilə onun adından həqiqətə uyğun olmayan fikirlər səsləndirə bilər.
Bu baxımdan, sosial şəbəkələrdə qarşılaşılan məlumatları paylaşmazdan əvvəl onların ilkin mənbəyini yoxlamaq, rəsmi təsdiqi olmayan materiallara ehtiyatla yanaşmaq zəruridir.
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları aşağıdakılardır:
- X (Twitter): https://twitter.com/azpresident
- Instagram: https://www.instagram.com/presidentaz/
- Facebook: https://www.facebook.com/PresidentIlhamAliyev
- YouTube: https://www.youtube.com/@presidentaz
Qeyd edək ki, sadalanan hesabların keçidləri Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində – president.az saytında da yerləşdirilib. Vətəndaşlar həmin sayta daxil olaraq dövlət başçısının rəsmi sosial media platformalarına birbaşa keçid əldə edə bilərlər.
Xüsusilə diqqətə çatdırılır ki, Prezident İlham Əliyevin TikTok platformasında rəsmi hesabı yoxdur. Bu səbəbdən həmin platformada dövlət başçısının adından yayılan paylaşımlara münasibətdə daha diqqətli olmaq tövsiyə edilir.
İnformasiya təhlükəsizliyinin qorunması hər bir sosial şəbəkə istifadəçisinin məsuliyyətidir. Etibarlı məlumatın yayılmasına töhfə vermək üçün hər bir paylaşımın mənbəyini yoxlamaq, saxta profillərə və manipulyativ materiallara qarşı diqqətli olmaq lazımdır.
Unutmayaq: məlumatı paylaşmazdan əvvəl yoxlamaq, rəsmi mənbəyə istinad etmək informasiya təhlükəsizliyinin əsas şərtlərindəndir.





