
Bakıda həyat yoldaşına qarşı mütəmadi fiziki və psixoloji zorakılıq göstərməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə qərarı verilib.
Qanuntv.az xəbər verir ki, Xəzər Rayon Məhkəməsi tərəflərin barışmasını və dəymiş zərərin ödənilməsini nəzərə alaraq təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad edib.
Məhkəmə materiallarında əksini tapan məlumatlara görə, kişi həyat yoldaşını döyüb, hədələyib, mobil telefonunu əlindən alıb. Bununla kifayətlənməyərək, qadını onun iradəsinə zidd şəkildə hotelə aparıb, hicabını açmağa və "TikTok" platformasında canlı yayıma qoşulmağa məcbur edib.
Hadisə ilə bağlı aparılan araşdırmalar zamanı qadının bədənində müxtəlif xəsarətlərin olduğu da müəyyən edilib.
Məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxs həyat yoldaşını bir neçə dəfə vurduğunu etiraf edib. Zərərçəkmiş qadın isə tərəflərin barışdığını və şikayətinin olmadığını bildirib.
Xəzər Rayon Məhkəməsinin oktyabrın 29-da çıxardığı qərara əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət təqibinə xitam verilib.
Qeyd edək ki, hadisə ailədaxili zorakılıq, qadınların hüquqlarının müdafiəsi və bu cür hallara qarşı hüquqi mexanizmlərin tətbiqi məsələlərini yenidən gündəmə gətirir.





