
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna 1 Noyabr – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Qanuntv.az xəbər verir ki, dövlət başçısı təbrikində öz adından və Azərbaycan xalqı adından Əlcəzair Prezidentini və onun simasında bütün Əlcəzair xalqını bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edib.
Prezident İlham Əliyev vurğulayıb ki, 1 Noyabr tarixi Əlcəzair xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin, sarsılmaz iradəsinin, böyük qəhrəmanlığının və milli birliyinin əbədi rəmzidir.
Məktubda Azərbaycan ilə Əlcəzair arasında mövcud olan ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Dövlət başçısı iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirib.
İlham Əliyev təbrik məktubunun sonunda Abdelmacid Tebbuna möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar, qardaş Əlcəzair xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıb.





