
Media və Yayım Şurası son günlər jurnalistlərin hadisə yerlərində hücuma məruz qalması, fiziki zorakılıqla üzləşməsi və peşə fəaliyyətlərinin həyata keçirilməsinə maneələr yaradılması hallarına münasibət bildirib.
Qanuntv.az xəbər verir ki, bu barədə Şuranın yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda vurğulanıb ki, jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxilə edilməsi, onlara qarşı təzyiq göstərilməsi və fəaliyyətlərinin məhdudlaşdırılması yolverilməzdir. Bildirilib ki, bu cür hallar “Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərinə ziddir.
Media və Yayım Şurası baş verən hadisələrin operativ, hərtərəfli və obyektiv şəkildə araşdırılacağına ümidvar olduğunu ifadə edib.
Şura eyni zamanda aidiyyəti şəxsləri və qurumları media nümayəndələrinin hüquqlarına hörmətlə yanaşmağa, onların təhlükəsizliyinin təmin edilməsinə, hadisə yerlərində sərbəst və maneəsiz fəaliyyət göstərmələri üçün zəruri şəraitin yaradılmasına çağırıb.
Bəyanatda bir daha diqqətə çatdırılıb ki, jurnalistlərin peşə fəaliyyətini sərbəst həyata keçirməsi cəmiyyətin obyektiv və operativ informasiya əldə etmək hüququnun təmin olunmasının mühüm şərtlərindən biridir.




