
Bakının Nizami rayonunda baş vermiş yanğın hadisəsini işıqlandıran APA TV-nin əməkdaşı Sənan Bəhrəmliyə qarşı fiziki zorakılıq göstərilməsi və onun peşə fəaliyyətinə mane olunması faktı ilə bağlı cinayət işi başlanılıb.
Qanuntv.az xəbər verir ki, noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində yerləşən taxta bazarında baş vermiş yanğını işıqlandırmaq üçün hadisə yerinə ezam olunan jurnalist hücuma məruz qalıb.
Məlumata görə, özünü mühafizəçi kimi təqdim edən şəxs jurnalistin peşə fəaliyyətini həyata keçirməsinə mane olub, ona fiziki xəsarət yetirib, ağır ifadələrlə təhqir edib və çəkiliş zamanı istifadə olunan texniki avadanlığa zərər vurub.
APA TV tərəfindən aparılan dəqiqləşdirmə nəticəsində jurnalistə hücum edən şəxsin Heydər Sərdarov olduğu müəyyənləşdirilib. Hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsindən sonra həmin şəxs ərazidən uzaqlaşdırılıb. Polis əməkdaşları jurnalistdən ilkin izahat alıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanılıb və hazırda istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, bu, son günlər jurnalistlərin hadisə yerlərində peşə fəaliyyətini həyata keçirərkən üzləşdiyi ilk belə hal deyil. Oktyabrın 28-də Bakıda yerləşən 225 nömrəli tam orta məktəbdə baş vermiş hadisəni işıqlandıran Real TV-nin əməkdaşı da hücuma məruz qalmışdı.
Baş verənlər media nümayəndələrinin təhlükəsizliyinin təmin olunması, onların qanuni peşə fəaliyyətinə maneələrin qarşısının alınması məsələsini yenidən gündəmə gətirir.







