
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən şəxs zərərsizləşdirilib.
Qanuntv.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı İran İslam Respublikasından Azərbaycan istiqamətində hərəkət edən sərhəd pozucularını müşahidə edib.
Hadisə ilə əlaqədar sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, ərazi qapadılıb və dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb.
Sərhədçilər tərəfindən sərhəd pozucularına “Dayan” əmri verilib və onların təqibinə başlanılıb. Əmrə tabe olmayan şəxsləri dayandırmaq məqsədilə havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucularından biri silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə onlara atəş açıb.
DSX-nin məlumatına görə, sərhədçilərin qanuni tələblərinə tabe olmayan şəxsin saxlanılması məqsədilə “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib və həmin şəxs zərərsizləşdirilib.
Baş vermiş hadisə ilə bağlı sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.
Fakt üzrə cinayət işi başlanılıb. Hazırda Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən birgə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.





