
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatı həyata keçirilib.
Nazir Anar Əliyevin imzaladığı əmrə əsasən, Vəzirov Rəşid Şamil oğlu nazirin müşaviri vəzifəsinə təyin olunub.
1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin məzunudur. O, tibb üzrə fəlsəfə doktorudur. Həmçinin Azərbaycan Diplomatik Akademiyasında (ADA Universiteti) və Yaponiyanın Fukuoka şəhərində xəstəxana idarəçiliyi üzrə təhsil və ixtisasartırma proqramlarında iştirak edib.
Rəşid Vəzirov əmək fəaliyyəti ərzində səhiyyə sistemində müxtəlif məsul vəzifələrdə çalışıb. O, Respublika Diaqnostika Mərkəzində və Mərkəzi Neftçilər Xəstəxanasında fəaliyyət göstərib. 2018-ci ilin noyabr ayından etibarən isə Respublika Diaqnostika Mərkəzinin icraçı direktoru vəzifəsini icra edib.
Onun peşəkar fəaliyyəti yalnız səhiyyə müəssisələrinin idarə olunması ilə məhdudlaşmayıb. Rəşid Vəzirov uzun illər səhiyyə idarəçiliyi, beynəlxalq layihələrin əlaqələndirilməsi və irimiqyaslı tədbirlərin tibbi təminatının təşkili istiqamətində də çalışıb.
O, “Formula 1” yarışlarında tibbi təminat üzrə baş həkim kimi fəaliyyət göstərib. 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarının Təşkilat Komitəsində tibbi və antidopinq məsələləri üzrə rəhbər müavini olub. Bundan başqa, 2017-ci il İslam Həmrəyliyi Oyunları, COP29 və MDB Oyunları çərçivəsində tibbi məsələlər üzrə müşavir kimi fəaliyyət göstərib.
Rəşid Vəzirovun əmək fəaliyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq təcrübəsini də əhatə edir. O, müxtəlif dövrlərdə Beynəlxalq Qızıl Xaç Komitəsində, eləcə də QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondda çalışıb.
Yeni təyinat onun səhiyyə idarəçiliyi, beynəlxalq əməkdaşlıq və təşkilati fəaliyyət sahələrində qazandığı təcrübənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də tətbiqi baxımından diqqət çəkir.





