
Şəki rayonunda yerləşən “Şəki Yaylası” Ailəvi İstirahət Mərkəzində iki nəfərin ölümü ilə nəticələnən faciə ilə bağlı cinayət işi üzrə iki şəxs məsuliyyətə cəlb olunub. İstintaq nəticəsində hadisənin başvermə səbəbləri, kanat sistemindəki texniki nöqsanlar və təhlükəsizlik qaydalarının pozulması ilə bağlı mühüm detallar müəyyən edilib.
Qanuntv.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, sentyabrın 8-də Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən “Şəki Yaylası” Ailəvi İstirahət Mərkəzində iki nəfərin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanıb və ibtidai istintaq aparılıb.
İstintaq çərçivəsində hadisənin bütün hallarının müəyyənləşdirilməsi məqsədilə çoxsaylı şahidlər dindirilib. Həmçinin məhkəmə-tibbi, əməyin təhlükəsizliyinin kompleks tədqiqi, tikinti-texniki, trasoloji və fiziki-kimyəvi ekspertizalar təyin olunaraq müvafiq rəylər əldə edilib. Aidiyyəti dövlət qurumlarına və digər təşkilatlara sorğular göndərilib, zəruri prosessual hərəkətlər həyata keçirilib.
Aparılmış istintaqla müəyyən edilib ki, istirahət mərkəzinin idarəçiliyini həyata keçirən sahibkar Ramiz Hüseynov üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməyib. Onun işə vicdansız və laqeyd münasibəti nəticəsində iki nəfərin ehtiyatsızlıqdan ölümünə səbəb olan səhlənkarlığa yol verdiyinə dair əsaslı şübhələr yaranıb.
İstintaq zamanı, həmçinin müəyyən olunub ki, Ramiz Hüseynov “Zipline” kanat yolu üçün nəzərdə tutulan qüllənin tikintisini müvafiq lisenziyası və xüsusi təhsili olmayan Abasət Paşayevə şifahi şəkildə həvalə edib. Qüllənin Ramiz Hüseynovun rəhbərliyi və birbaşa göstərişləri ilə qanunsuz inşa edildiyi bildirilib.
Faciənin texniki səbəbləri açıqlanıb
İstintaq materiallarına əsasən, qüllənin üzərində yerləşən dəmir konstruksiyanın deformasiyaya uğraması nəticəsində kanatlarda dalğalanma yaranıb. Bu zaman sürüşməni təmin edən əsas “Zipline” qurğusu kanatdan çıxıb.
Bundan əlavə, kustar üsulla hazırlanmış tormozlama və əlavə təhlükəsizlik vasitəsinin plastik boru hissəsinin kanata keçirilməsi səbəbindən kanatın titrəməsi zamanı qurğunun parça hissəsi cırılıb. Nəticədə kanatdan istifadə edən Ucal Bayramov və Coşqun Məmmədzadə hündürlükdən yıxılaraq aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
İki şəxsə ittiham elan edilib
Cinayət işi üzrə əməllər Cinayət Məcəlləsinin 314.3-cü maddəsindən həmin Məcəllənin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsi öldürmə) və 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrinə tövsif edilib.
Noyabrın 2-də Ramiz Hüseynov Cinayət Məcəlləsinin 314.3-cü maddəsi, Abasət Paşayev isə 124.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və onlara müvafiq ittihamlar elan edilib.
İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Şəki Rayon Məhkəməsinin qərarları ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.





