
Türkiyənin “Fənərbağça” klubu baş məşqçi axtarışında portuqaliyalı mütəxəssis Serjiu Konseysao ilə razılıq əldə edib.
Qanuntv.az xəbər verir ki, A Spor telekanalının müxbiri Erdem Akbaşın yaydığı məlumata görə, tərəflər 1,5 illik müqavilənin şərtlərində razılaşıblar.
Bildirilib ki, klub rəhbərliyi portuqaliyalı mütəxəssisi UEFA Çempionlar Liqası çərçivəsində “Liverpul”la keçiriləcək qarşılaşmadan əvvəl İstanbula gətirməyi planlaşdırır. Onun sözügedən oyunu tribunadan izləyəcəyi gözlənilir.
Qeyd edək ki, Serjiu Konseysao məşqçilik karyerasında “Porto”, “Milan” və Səudiyyə Ərəbistanının “Əl-İttihad” klublarına rəhbərlik edib. O, xüsusilə “Porto”da çalışdığı 2017–2024-cü illərdə qazandığı uğurlarla tanınıb. Portuqaliyalı mütəxəssis bu komanda ilə üç dəfə ölkə çempionu olub, dörd dəfə Portuqaliya Kubokunu qazanıb.
Konseysao “Milan”ın baş məşqçisi olduğu dövrdə də İtaliya Superkubokunun qalibi olub.
“Fənərbağça” azarkeşləri indi portuqaliyalı mütəxəssisin İstanbulda komandaya qoşulmasını və yeni baş məşqçi kimi fəaliyyətə başlamasını gözləyirlər.





