
İspaniya Sequndasının 12-ci turu çərçivəsində keçirilən “Tenerife” – “Andorra” matçında futbolçulardan biri meydanda huşunu itirərək həyat təhlükəsi ilə üzləşib.
Qanuntv.az xəbər verir ki, hadisə qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə baş verib.
Belə ki, “Tenerife”nin hücumçusu Xesus de Migel “Andorra”nın qapıçısı Xesus Ovononun sərt müdaxiləsindən sonra huşunu itirib. Hadisədən sonra futbolçunun ürəyinin dayandığı bildirilib. Baş hakim qapıçıya birbaşa qırmızı vərəqə göstərib.
Dərhal meydana daxil olan tibbi heyət futbolçuya bir neçə dəqiqə ərzində ilkin tibbi yardım göstərib. Daha sonra Xesus de Migel xərəkdə meydandan çıxarılaraq xəstəxanaya aparılıb.
Son məlumata görə, həkimlərin müdaxiləsindən sonra futbolçunun vəziyyəti stabilləşib. Onun sərbəst nəfəs aldığı və hazırda tibbi nəzarət altında olduğu bildirilir.
Hadisə futbol ictimaiyyətində ciddi narahatlıq yaradıb. Azarkeşlər və futbolsevərlər futbolçunun tezliklə sağlamlığına qovuşmasını arzulayırlar.





