“Ötən ilin hazırkı dövrü ilə müqayisədə bu il ölkə ərazisindəki çaylarda sululuğun bir qədər yüksək olduğu müşahidə edilir”.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.
O qeyd edib ki, hazırda Kür çayının Gürcüstanla sərhəd hissəsində, Qıraqkəsəmən məntəqəsində su nəqli saniyədə 156 kub metrə bərabərdir və bu, ongünlük normaya yaxındır. Bu il məntəqədə sululuq ötən illə müqayisədə 30 faiz çoxdur.
Xidmət rəsmisinin sözlərinə görə, yağıntıların miqdarının nisbətən artıq olması çaylarda sululuğun artmasına şərait yaradıb, bu da son illər sululuğu azalan Kür çayında yaranan bəzi problemlərin həllinə müsbət təsir göstərib:
“Kür çayı üzərindəki anbarlarda ötən illərlə müqayisədə su ehtiyatları artıb, bu da nəticə etibarı ilə Kürdə suyun səviyyəsinin daha yaxşı idarə olunmasına və Neftçala rayonunda, çayın Xəzərə tökülən hissəsində suyun tərkibinin duzluluq səviyyəsinin normallaşmasına səbəb olub”.