Böyük yeddilik ölkələri (G7) Ukrayna ilə ikitərəfli təhlükəsizlik öhdəlikləri və sazişlər üzrə danışıqlara başlayır.
Bu barədə G7 ölkələrinin NATO-nun Vilnüs sammiti çərçivəsində qəbul etdiyi Ukrayna üçün uzunvədəli təhlükəsizlik təminatının ümumi prinsipləri barədə bəyannamədə deyilir.
Sənədə əsasən, G7 Ukraynanı havada, yerdə və dənizdə müasir silahlarla təchiz edəcək.Ukraynaya silah tədarükündə prioritet hava hücumundan müdafiə sistemlərinə, artilleriyaya, uzaqvuran silahlara və hərbi aviasiyaya veriləcək, habelə, ukraynalı hərbçilərin təlimi həyata keçiriləcək.
Böyük yeddilik, həmçinin Rusiya ilə yeni müharibə halında təhlükəsizlik üzrə genişləndirilmiş sazişlər paketi üzərində işləyəcək. Bundan başqa, Kiyevə təzminat ödənilməsi üçün mexanizmin yaradılmasını zəruri hesab edən G7 ölkələri Rusiyaya məxsus aktivlərin Ukraynaya dəyən zərər ödənilənə qədər dondurulduğunu təsdiqləyib.
G7 digər ölkələri də istənilən vaxt Ukraynanın uzunvədəli təhlükəsizlik zəmanəti bəyannaməsinə qoşulmağa dəvət edib.