İyulun 5-6-da Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə keçirilən Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər iclası uğurla yekunlaşıb.
Bu barədə Azərbaycan XİN-dən bildirilib.
Nazirlər iclasında Qoşulmama Hərəkatının üzv dövlətləri, Hərəkat yanında müşahidəçi statusu almış dövlətlər və beynəlxalq təşkilatlar, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri daxil olmaqla ümumilikdə 93 ölkə, 11 beynəlxalq təşkilat iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi və çıxışı ilə başlayan nazirlər iclası zamanı hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması, habelə Cənubi Sudanın Hərəkata yeni üzv qəbul edilməsi kimi Azərbaycanın 2019-2023-cü illəri əhatə edən sədrliyinin uğurları xüsusi olaraq vurğulanıb.
Tədbir zamanı, Hərəkatın gündəliyində duran və əhatə dairəsinə aid bir çox məsələnin əks olunduğu sənədlər yekdilliklə qəbul olunub.
Nazirlər görüşü çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir və "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzusunda konfrans xüsusi marağa səbəb olub.
Azərbaycanın sədrliyi ilə geniş müzakirələr və qətiyyətli səylər nəticəsində iclasda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Anım Bəyannaməsi, Yekun sənəd, Bakı Bəyannaməsi, Ev sahibi olan ölkəyə təşəkkür, eləcə də 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına dair Xüsusi Bəyannamə kimi mühüm sənədlər qəbul edilib.