2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda inflyasiya 2022-ci ilin yanvar-iyul aylarına nisbətən 112,2 faiz təşkil edib. Bu isə ötən aya nisbətən 0,5% azdır.
Xeberler bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İstehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 114,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 111,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 faiz təşkil etmişdir. 2023-cü ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3 faiz, əvvəlki ilin iyul ayına nisbətən 109,4 faiz təşkil edib.
2023-cü ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,5 faiz, əvvəlki ilin iyul ayına nisbətən 109,7 faiz təşkil edib.
Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma çörəyin, unun, qarabaşaq yarmasının, vaflinin, təzə balığın, yoqurtun, südün, pendirin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, qarpızın, yemişin, üzümün, bananın, armudun, gavalının, bibərin, badımсanın, xiyarın, pomidorun, göy lobyanın, soğanın, kartofun, konfetlərin, çayın, mineral suların, arağın, bahalaşma isə əsasən qoyun ətinin, zeytun yağının, gilasın, əriyin, kələmin, sarımsağın, çuğundurun, yerkökünün, şəkər tozunun qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2023-cü ilin iyul ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin iyul ayına nisbətən 108,8 faiz təşkil edib. 2023-cü ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyul ayına nisbətən 109,6 faiz təşkil edib. İyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma, taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.