
Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri ilə seçilən, idarəçilik təcrübəsi və yüksək təşkilatçılıq bacarığı ilə tanınan Əziz İmran oğlu Əzizov bu gün də dövlətə və xalqa sədaqətlə xidmət edən nüfuzlu rəhbərlərdən biridir.
1963-cü il dekabrın 9-da Cəbrayıl rayonunun Soltanlı kəndində dünyaya göz açan Əziz Əzizov gənc yaşlarından elmə və zəhmətə böyük önəm vermiş, M.Əzizbəyov adına Neft və Kimya İnstitutunda ali təhsil alaraq peşəkar kadr kimi formalaşmışdır. Onun əmək fəaliyyətinə başladığı ilk illərdən etibarən göstərdiyi məsuliyyət, intizam və işinə bağlılıq gələcək uğurlarının əsasını qoymuşdur.
1985-ci ildən Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin Tramvay-Trolleybus İdarəsində müxtəlif vəzifələrdə çalışaraq zəngin idarəçilik təcrübəsi qazanan Əzizov, 1996-2006-cı illərdə sahibkarlıq sahəsində də uğurla fəaliyyət göstərmiş, iqtisadi düşüncə tərzini daha da inkişaf etdirmişdir.
Onun dövlət qulluğunda fəaliyyəti isə xüsusilə diqqətəlayiqdir. 2006-cı ildən etibarən müxtəlif rayonlara rəhbərlik edən Əziz Əzizov Cəlilabad, Yasamal və Suraxanı rayonlarında icra başçısı kimi çalışarkən bölgələrin sosial-iqtisadi inkişafına mühüm töhfələr vermiş, infrastruktur layihələrinin həyata keçirilməsində, əhalinin rifahının yaxşılaşdırılmasında və idarəetmənin təkmilləşdirilməsində əhəmiyyətli işlər görmüşdür.
2024-cü il iyulun 8-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması isə onun fəaliyyətinə verilən yüksək etimadın bariz nümunəsidir. Qısa müddət ərzində Beyləqan rayonunda həyata keçirilən yeniliklər, abadlıq-quruculuq işləri və sosial layihələr Əziz Əzizovun prinsipial və məqsədyönlü rəhbər olduğunu bir daha sübut edir.
Əziz Əzizov daim vətəndaşlarla yaxın ünsiyyətdə olan, onların problemlərinə həssas yanaşan, dövlət siyasətini yerlərdə uğurla həyata keçirən rəhbərlərdən biri kimi seçilir. Onun rəhbərliyi altında görülən işlər rayonun inkişafına, əhalinin sosial rifahının yüksəlməsinə və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Bu gün Əziz Əzizov öz zəngin təcrübəsi, prinsipial mövqeyi və yorulmaz fəaliyyəti ilə dövlətçiliyimizə töhfə verməyə davam edir və gələcəkdə də yeni uğurlara imza atacağına inam böyükdür.
Mənbə: Qanuntv.az
Müəllif: Bəxtiyar Vəliyev





