
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
QanunTV.az xəbər verir ki, Sərəncama əsasən, ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulan tapşırıqları yerinə yetirərkən vəzifə borcunu şərəflə icra edərək şəhid olmuş hərbçilər təltif ediliblər.
Belə ki, polkovnik-leytenant Rasim Yaqub oğlu Abdullayev, Rəşad Saləddin oğlu Atakişiyev və Qərib İnqilab oğlu Baxşəliyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.
Qəhrəman şəhidlərimizin göstərdiyi fədakarlıq və Vətən qarşısında xidmətləri daim ehtiramla yad edilir.





