
Baku TV-nin “Aydın tarix” verilişinin yeni buraxılışında Vətən müharibəsinin iştirakçısı, polkovnik Rəşad Aslanov Şuşanın azad edilməsi və 8 Noyabr – Zəfər Günü ilə bağlı yaddaşında əbədi iz qoyan xatirələrini bölüşüb.
Polkovnik bildirib ki, Zəfər Günü dedikdə ilk növbədə göz önünə şəhidlərimizin müqəddəs xatirəsi, Şuşanın əzəmətli silueti və şəhərin üzərində dalğalanan üçrəngli Azərbaycan bayrağı gəlir.
Rəşad Aslanov döyüşlər zamanı Azərbaycan əsgərinin nümayiş etdirdiyi misilsiz iradə, cəsarət və yüksək döyüş ruhundan danışarkən yaddaşında dərin iz buraxan hadisələrdən birini də xatırladıb.
O, bildirib ki, döyüş zamanı yanında olan əsgərlərdən biri qarın nahiyəsindən güllə yarası alıb. Yaralı əsgərin ölümcül təhlükəsi olmasa da, uzanaraq kəlmeyi-şəhadət oxuyub və gülümsəyib. Polkovnik ondan nə üçün güldüyünü soruşduqda əsgər şəhid olacağına sevindiyini bildirib.
Rəşad Aslanov həmin anı belə xatırlayıb:
“Döyüşlər zamanı yanımda olan bir əsgər qarın nahiyəsindən güllə yarası aldı. Həyatı üçün təhlükə yox idi, ölümcül yara deyildi. Uzanıb kəlmeyi-şəhadət oxuyur və gülürdü. Soruşdum ki, nə edirsən? Dedi ki, sevinirəm, şəhid olacağam. Onların bir qayəsi var idi: ya şəhid olacaqdılar, ya da qazi”.
Polkovnik Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə həyata keçirdiyi daha bir qürurverici məqamı – şəhərin girişindəki ermənicə yazının üzərindən Azərbaycan bayrağını asmasını da danışıb.
O qeyd edib ki, müharibədən əvvəl Şuşanın girişindəki həmin yazının görüntülərini sosial şəbəkələrdə gördükdən sonra özünə və döyüş yoldaşlarına bir söz verib: Şuşaya çatacağı təqdirdə həmin yazının üzərindən Azərbaycan bayrağını asacaq.
Rəşad Aslanov bu arzusunu şəhərin azadlığı uğrunda döyüşlər zamanı gerçəkləşdirib. Döyüş yoldaşlarının mühafizəsi altında təhlükəyə baxmayaraq yüksəyə qalxaraq üçrəngli bayrağımızı həmin yazının üzərindən asıb.
Polkovnik həmin anları belə təsvir edib:
“Müharibədən əvvəl sosial şəbəkələrdə Şuşa şəhərinin girişində onların öz dillərində yazdıqları yazını görəndə özümə və döyüş yoldaşlarıma söz vermişdim ki, oraya çatsam, bayrağımızı həmin yazının üzərindən asacağam. Şuşaya çatanda döyüş yoldaşlarım məni mühafizə etdilər. Düşmən artilleriyası ətrafa mərmilər yağdırsa da, qalxıb gözəl üçrəngli bayrağımızı həmin yazının üzərindən asdım. O qədər böyük qürur hissi keçirirdik ki, atışmanı və düşmən mərmilərini heç hiss etmirdik”.
Rəşad Aslanovun xatirələri Vətən müharibəsində Azərbaycan əsgərinin nümayiş etdirdiyi sarsılmaz iradəni, Şuşa uğrunda mübarizənin ağırlığını və Zəfərin arxasında dayanan qəhrəmanlıq salnaməsini bir daha göz önünə gətirir.
Şuşanın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi, qazilərimizin fədakarlığı və döyüşçülərimizin qəhrəmanlığı Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olaraq yaşayacaq.





