
8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərində qarşılanması çərçivəsində Azərbaycan və Türkiyə liderlərinin ailə fotosu çəkdirilib.
Şuşa şəhərində lentə alınan ailə fotosunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ailə üzvləri ilə birlikdə yer alıblar.
Azərbaycan və Türkiyə dövlət başçılarının ailə üzvləri ilə birlikdə çəkdirdikləri foto iki ölkə arasında mövcud olan yaxın münasibətlərin, dostluğun və qarşılıqlı hörmətin səmimi görüntüsü kimi diqqət çəkib.
Xüsusilə bu fotonun Azərbaycanın tarixi Zəfərinin altıncı ildönümündə, Qarabağın tacı sayılan Şuşada lentə alınması hadisəyə xüsusi rəmzi məna qazandırır. Şuşa Azərbaycan xalqının qəhrəmanlıq tarixinin, milli iradəsinin və dövlət suverenliyinin təcəssüm etdiyi şəhər olmaqla yanaşı, Azərbaycan-Türkiyə münasibətlərinin də mühüm siyasi və mənəvi məkanlarından biridir.
Qeyd edək ki, noyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib. Onu Füzuli Beynəlxalq Hava Limanında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar. Daha sonra Şuşada Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib.
Səfər çərçivəsində iki ölkənin dövlət başçıları arasında təkbətək görüş də baş tutub, prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
Şuşada çəkilən ailə fotosu isə Zəfər Gününün əlamətdar hadisələri sırasında özünəməxsus yer tutub. Bu görüntü Azərbaycan və Türkiyə xalqları arasında mövcud olan tarixi bağlılığın, dostluğun və qardaşlıq münasibətlərinin daha bir səmimi ifadəsi kimi yadda qalıb.





