
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının ölkəmiz üçün əsas prioritetlərdən biri olduğunu bildirib.
Dövlət başçısı bu fikirləri Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşü zamanı səsləndirib.
Prezident İlham Əliyev qeyd edib ki, azad edilmiş ərazilərdə yeni kəndlərin və şəhərlərin salınması, yaşayış məntəqələrinin yenidən qurulması, insanların öz doğma yurdlarına qayıtması istiqamətində ardıcıl işlər həyata keçirilir.
Dövlət başçısı çıxışında vurğulayıb:
“Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması - yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır”.
Prezident, həmçinin uzun illər doğma yurdlarından ayrı düşmüş insanların geri qayıtmasının xalqımızın ən böyük arzularından biri olduğunu diqqətə çatdırıb:
“Uzun illər ağır şəraitdə yaşamış köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi, ilk növbədə, əlbəttə ki, köçkün şəklində, köçkün şəraitində yaşayan insanlar üçün”.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış prosesi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu çərçivədə yaşayış evləri tikilir, yollar, elektrik, su və qaz infrastrukturu yenidən qurulur, sosial obyektlər yaradılır, insanların rahat və təhlükəsiz yaşayışı üçün zəruri şərait formalaşdırılır.
Doğma torpaqlarına qayıdan ailələrin yeni evlərdə məskunlaşması təkcə fiziki köç prosesi deyil, həm də uzun illər davam edən yurd həsrətinin sona çatması, tarixi torpaqlarda həyatın yenidən canlanması deməkdir.





