
Müdafiə Nazirliyinin təsdiq etdiyi plana əsasən, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə ölkənin bir sıra şəhərlərində hərbi orkestrlərin iştirakı ilə silsilə tədbirlər təşkil olunacaq.
Noyabrın 8-də Bakı şəhərinin müxtəlif məkanlarında hərbi orkestrlərin nümunəvi çıxışları keçiriləcək. Noyabrın 9-da isə Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil ediləcək.
Qanuntv.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, noyabrın 8-də saat 16:00-dan 18:00-dək hərbi orkestrlər paytaxtın aşağıdakı ünvanlarında çıxış edəcəklər:
- Heydər Əliyev parkı (Heydər Əliyev Sarayının qarşısı);
- Filarmoniya parkı;
- Fəvvarələr meydanı;
- Koroğlu parkı;
- Sahil parkı;
- Zabitlər parkı.
Noyabrın 9-da saat 11:00-dan 13:00-dək hərbi qulluqçuların iştirakı ilə yürüşlər keçiriləcək.
Bakı şəhəri üzrə yürüş marşrutları:
1. Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – Dəniz vağzalı.
2. Şəhidlər Xiyabanı – “Alov Qüllələri” kompleksi – Çəmbərəkənd parkı – “İçərişəhər” metrosu – İçərişəhər Qala Qapısı – Azərbaycan Dövlət Kukla Teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli.
3. Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış Parkı – Heydər Əliyev Sarayı – Azərbaycan Respublikası Mərkəzi Bankı – “28 Mall” ticarət mərkəzi.
4. “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti.
5. Q.Musabəyov parkı – Əbdürrəhim bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı.
Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində isə yürüşlər mərkəzi küçə və prospektlər boyunca təşkil ediləcək.
Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindən birini, 9 Noyabr – Dövlət Bayrağı Günü isə dövlətçilik rəmzimizə olan ehtiramı və milli birliyimizi təcəssüm etdirir. Bu əlamətdar günlər münasibətilə keçirilən hərbi tədbirlər xalqımızda vətənpərvərlik ruhunun yüksəldilməsinə, milli qürur və dövlətçilik dəyərlərinin təbliğinə xidmət edir.





