
Ermənistan və Türkiyə arasında qarşılıqlı ticarət əməliyyatlarının birbaşa gömrük qaydasında rəsmiləşdirilməsinə başlanılıb. Bu, iki ölkə arasında iqtisadi münasibətlərin normallaşdırılması istiqamətində mühüm yenilik kimi diqqət çəkir.
Qanuntv.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər və xarici ticarət naziri Ararat Mirzoyan 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentdə açıqlama verib.
Nazirin sözlərinə görə, indiyədək Ermənistan və Türkiyə arasında ticarət əməliyyatları gömrük sənədləşməsi baxımından üçüncü ölkələr üzərindən həyata keçirilirdi. Artıq bu prosedur dəyişib və qarşılıqlı ticarət birbaşa rəsmiləşdirilir.
Bununla belə, malların fiziki daşınması hələ də əsasən Gürcüstan ərazisindən keçməklə həyata keçirilir. Yəni yeni qayda gömrük sənədləşməsinə aiddir və iki ölkə arasındakı quru sərhədinin açılması demək deyil.
Ararat Mirzoyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə də toxunaraq bildirib ki, tərəflər arasında dialoq fəal və səmərəli şəkildə davam edir. Onun sözlərinə görə, mövcud proses sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması üçün artıq müəyyən mərhələyə çatıb.
Nazir, həmçinin 2027-ci ilin əvvəlində Ermənistanda Ermənistan-Türkiyə biznes forumunun keçirilməsinin planlaşdırıldığını açıqlayıb. İlk belə forum bu ilin yayında Türkiyənin Qars şəhərində baş tutub.
Qeyd edək ki, Ermənistan və Türkiyə arasında quru sərhədi hazırda bağlıdır. Bununla yanaşı, tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi və münasibətlərin normallaşdırılması istiqamətində danışıqları davam etdirirlər.





