
İspaniya futbolunda baş verən faciəli hadisə idman ictimaiyyətini dərindən sarsıdıb. İspaniyanın CD Tenerife klubunun futbolçusu Jesús de Miguel rəqib komandanın qapıçısı ilə meydanda yaşadığı ağır toqquşmadan sonra xəstəxanada vəfat edib.
Hadisə noyabrın 2-də İspaniya çempionatının II divizionu çərçivəsində keçirilən CD Tenerife – FC Andorra qarşılaşmasının son dəqiqələrində baş verib. Hesabın 2:2 olduğu görüşün əlavə vaxtında uzun ötürməyə çatmağa çalışan 30 yaşlı hücumçu rəqib komandanın qapıçısı Jesús Owono ilə toqquşub.
Məlumata görə, FC Andorra klubunun qapıçısı topu uzaqlaşdırmaq məqsədilə qapısından xeyli irəli çıxaraq meydanın mərkəzinə doğru hərəkət edib. Mübarizə zamanı onun dizinin futbolçunun döş qəfəsinə dəyməsi nəticəsində De Miguel ağır vəziyyətə düşüb.
Hadisədən dərhal sonra hər iki komandanın futbolçuları tibbi yardım tələb ediblər. Meydanda bir neçə dəqiqə davam edən ilkin tibbi müdaxilədən sonra futbolçu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Qapıçı Jesús Owono isə baş hakim tərəfindən birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Qarşılaşma hadisədən sonra yarımçıq dayandırılıb.
İlkin məlumatlara əsasən, De Miguel hadisədən sonra ürək dayanması keçirib. Tibbi müdaxilə nəticəsində onun ürək fəaliyyəti bərpa olunsa da, futbolçunun vəziyyəti kritik olaraq qalıb. Sonrakı saatlarda nevroloji vəziyyətinin pisləşdiyi bildirilib. Noyabrın 3-də səhər saat 08:00 radələrində onun vəfat etdiyi rəsmən açıqlanıb.
CD Tenerife klubu futbolçunun ölümü ilə bağlı yaydığı bəyanatda dərin kədər içində olduğunu bildirib. Klub rəhbərliyi, komanda yoldaşları və azarkeşlər mərhumun ailəsinə, yaxınlarına və doğmalarına başsağlığı veriblər.
Hadisə ilə bağlı İspaniya Milli Polisi tərəfindən araşdırma başlanılıb. Ölümün qeyri-təbii səbəblə baş verməsi ehtimalı hüquqi prosedurlar çərçivəsində araşdırılır. Bununla belə, Kanar adalarının baş prokuroru hadisənin futbol matçı zamanı baş verməsini nəzərə alaraq cinayət məsuliyyəti məsələsinin hüquqi baxımdan mürəkkəb olduğunu bildirib. Araşdırma çərçivəsində hakimlərin hesabatının və idman intizamı orqanlarının qiymətləndirməsinin nəzərdən keçirilməsi nəzərdə tutulur.
Faciə İspaniya futbol ictimaiyyətində geniş rezonans doğurub. Bir sıra tanınmış klublar, futbol qurumları və idman nümayəndələri Jesús de Miguelin vəfatı ilə əlaqədar başsağlığı mesajları yayıblar. UEFA isə bu həftə keçiriləcək Avropa futbolu qarşılaşmalarından əvvəl mərhumun xatirəsinin bir dəqiqəlik sükutla yad olunacağını açıqlayıb.
CD Tenerife klubu matəm elan edərək komandanın fəaliyyətini müvəqqəti dayandırıb. Klub həmçinin qarşıdakı oyunlarının təxirə salınması üçün müraciət edib.
Qeyd edək ki, Madrid şəhərində anadan olan Jesús de Miguel 30 yaşında həyatını itirib. O, 2025-ci ildə Castellón klubundan CD Tenerife-yə transfer olunmuşdu. Futbolçu ötən mövsüm komandasının heyətində 11 qol vurmuşdu.
İspaniya futbolu gənc yaşda həyatını itirən futbolçunun xatirəsini ehtiramla yad edir.





