
"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov komandanın iki futbolçusu arasında baş verən mübahisəyə münasibət bildirib və onların cəzasız qalmayacağını açıqlayıb.
Qanuntv.az xəbər verir ki, hadisə "Qarabağ" və "Qəbələ" komandaları arasında keçirilən oyunun ilk hissəsinin sonunda baş verib. Belə ki, "Qarabağ"ın futbolçuları Mateus Silva ilə Marko Yankoviç arasında mübahisə yaranıb.
Oyundan sonra keçirilən mətbuat konfransında danışan Qurban Qurbanov futbolçular arasında baş verən hadisənin bütün təfərrüatlarını hələ tam araşdırmadığını bildirib. Bununla belə, baş məşqçi hər iki oyunçunun davranışının nəticəsiz qalmayacağını və müvafiq cəza tədbirlərinin görüləcəyini vurğulayıb.
Qurban Qurbanov bu kimi halların komandanın daxili ab-havasına və oyun nəticələrinə mənfi təsir göstərdiyini qeyd edib. O, kollektiv daxilində intizamın qorunmasının vacibliyinə diqqət çəkib.
Mətbuat konfransında baş məşqçiyə "Fənərbağça" klubu ilə bağlı yayılan xəbərlər barədə də sual ünvanlanıb. Qurban Qurbanov isə Türkiyə təmsilçisinə uğurlar arzulamaqla kifayətlənib.





