
Füzuli rayonunun Qayıdış qəsəbəsində 17 yaşlı yeniyetmə qonşusunun tövləsini yandıraraq külli miqdarda maddi ziyana səbəb olub.
Qanuntv.az xəbər verir ki, hadisənin yeniyetmənin atasının illər əvvəl zərərçəkmiş şəxslə yaşadığı mübahisəyə görə qisas məqsədilə törədildiyi bildirilir. Yeniyetmə qonşusuna məxsus yonca bağlamalarına od vurub.
Yanğın nəticəsində tövləyə, çoxsaylı heyvanlara, su çənlərinə və yük avtomobilinin bəzi hissələrinə ziyan dəyib. Ümumilikdə, zərərçəkmiş şəxsə 86 min 402 manat məbləğində maddi ziyan vurulub.
Məhkəmə işə baxarkən yeniyetmənin yaşını və yanğın zamanı heyvanları xilas etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib.
Məlumata görə, yeniyetmə 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cəzanın iki il sınaq müddəti ilə tətbiq olunduğu bildirilir.





