
Bakıda dünya opera sənətinin ən məşhur əsərlərindən biri olan Cakomo Puççininin “Turandot” operası tamaşaçılara təqdim olunacaq.
Qanuntv.az xəbər verir ki, tamaşada azərbaycanlı sənətçilərlə yanaşı, xarici opera solistləri də iştirak edəcəklər.
Quruluşçu rejissor Mikayıl Mikayılov bildirib ki, tamaşanın hazırlanması üçün teatr truppası böyük əmək sərf edib. O, tamaşaçıların yaradıcı heyətin əməyini yüksək qiymətləndirəcəyinə və səhnə əsərindən zövq alacağına ümidvar olduğunu vurğulayıb.
Rejissorun sözlərinə görə, bu tamaşa milli teatr mədəniyyəti baxımından mühüm əhəmiyyət daşıyan əlamətdar hadisədir.
Qeyd edək ki, Cakomo Puççininin “Turandot” operası bəstəkarın ən məşhur əsərlərindən biridir. Üçpərdəli opera Karlo Qozzinin eyniadlı pyesi əsasında hazırlanıb. Əsərin librettosunu Cüzeppe Adami və Renato Simoni yazıblar.
Operanın dünya premyerası 1926-cı il aprelin 25-də Milandakı La Skala teatrında, Arturo Toskaninin dirijorluğu ilə keçirilib. Bakı tamaşaçıları isə bu əsəri ilk dəfə 1928-ci ildə izləyiblər. Bakı səhnəsindəki premyera Sovet İttifaqında “Turandot” operasının ilk tamaşası olub.
Puççini 1920-ci ildən 1924-cü ildə vəfat edənədək opera üzərində çalışsa da, əsəri tamamlaya bilməyib. Operanın son hissəsi bəstəkarın qeydləri əsasında Franko Alfano tərəfindən tamamlanıb.
Əsərin süjeti amansız şahzadə Turandot və şahzadə Kalafın sevgi hekayəsi üzərində qurulub. Turandot ona elçi düşən namizədlərin qarşısına üç tapmaca qoyur. Şərtə əsasən, tapmacalara düzgün cavab verən şahzadə ilə evlənəcək, uğursuz olanlar isə edam ediləcək. Kalaf bütün tapmacaları həll etməklə Turandotun qarşısına qoyduğu sınaqlardan keçir. Hadisələrin inkişafı nəticəsində şahzadənin qəlbində sevgi hissləri oyanır.
“Turandot” operası musiqisinin zənginliyi, dramatik süjeti və mürəkkəb vokal partiyaları ilə dünya opera repertuarında xüsusi yer tutur.




























