
“Bakı Metropoliteni” QSC-də bir sıra yeni kadr təyinatları həyata keçirilib.
Qanuntv.az xəbər verir ki, Zaur Nağıyev qurumun İdarə Heyəti sədrinin müavini, İlham Axundov və Kənan Cəfərov isə sədrin müşavirləri vəzifələrinə təyin ediliblər.
Zaur Nağıyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə İdarə Heyəti sədrinin müavini vəzifəsinə gətirilib.
Fotoda Zaur Nağıyev
1982-ci ildə anadan olan Zaur Nağıyev Bakı Dövlət Universitetində hüquqşünaslıq, ADA Universiteti ilə Maastrixt İdarəçilik Məktəbinin birgə proqramı çərçivəsində isə biznesin idarə edilməsi üzrə təhsil alıb. O, müxtəlif illərdə BMT təşkilatlarında, SOCAR-da və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də çalışıb. 2022-ci ildən həmin qurumun İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub.
Fotoda İlham Axundov
1970-ci il təvəllüdlü İlham Axundov Azərbaycan Texniki Universitetinin məzunudur. O, “Kapital Bank”, Azərbaycan Beynəlxalq Bankı, AZAL və digər qurumlarda rəhbər vəzifələrdə işləyib. 2023–2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də sədrin müşaviri vəzifəsində fəaliyyət göstərib.
Fotoda Kənan Cəfərov
1984-cü ildə anadan olan Kənan Cəfərov Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit, eləcə də dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə təhsil alıb. Müxtəlif dövrlərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində və “Azərbaycan Dəmir Yolları” QSC-də çalışıb. 2024–2026-cı illərdə “Vadi Baku” QSC-nin icraçı direktoru olub.





