
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar.
Abatv.az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlət başçısına raport verib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrinin qərargahının qarşısında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar və Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Dövlət başçısına və birinci xanıma Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC və “DEARSAN Gəmi İnşaat Sənaye” AŞ-nin birgə istehsalat sahəsində hazırlanmış müasir insansız dəniz vasitələri təqdim olunub.
Bildirilib ki, qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə hazırlanan SALVO (SİDV) silahlı insansız dəniz vasitələri və KAYRA (KİDV) kamikadze insansız dəniz vasitələri müasir döyüş imkanlarına malikdir. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya həmin vasitələrin təyinatı, funksional imkanları və taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Daha sonra dövlətimizin başçısı və birinci xanım istehsalat sahəsində görülən işlərlə tanış olublar.
Səfər çərçivəsində burada istehsal olunan insansız dəniz vasitələrinin praktiki sınaqları da keçirilib.
Sonda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə hərbi quruculuq məsələlərinə dair operativ müşavirə keçirilib.











