
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihələri çərçivəsində Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində yerləşən ümumilikdə 535 mənzilin “Güzəştli mənzil” sistemi vasitəsilə satışı uğurla həyata keçirilib.
Qanuntv.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə məlumatında bildirilib.
Qeyd olunub ki, satış prosesinin təhlükəsiz, fasiləsiz və bütün iştirakçılar üçün bərabər şəraitdə həyata keçirilməsi aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin koordinasiyalı və vahid fəaliyyəti nəticəsində mümkün olub.
Məlumatda vurğulanıb ki, hər bir qurumun öz fəaliyyət istiqaməti üzrə göstərdiyi peşəkarlıq və dövlət qurumları arasında səmərəli əməkdaşlıq satış prosesinin uğurla başa çatdırılmasında mühüm rol oynayıb.
“Bugünkü satış bir daha sübut etdi ki, Azərbaycan elektron məkanda vətəndaşlara yönəlmiş keyfiyyətli, etibarlı və innovativ xidmətlərin təqdim olunması sahəsində qabaqcıl ölkələrdən biridir”, – deyə birgə məlumatda qeyd olunub.
Bildirilib ki, Mənzil İnşaatı Dövlət Agentliyi gələcəkdə də satış prosesinin təkmilləşdirilməsi və şəffaflığın təmin olunması istiqamətində yeniliklər tətbiq edəcək.
Həmçinin ölkədə rəqəmsal xidmətlərin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunmasının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.





