
Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı işinə başlayır.
QanunTV.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin ofisi məlumat yayıb.
Bildirilib ki, ŞƏT-ə üzv dövlətlərin liderləri təşkilatın Zirvə toplantısında iştirak etmək üçün artıq “İrıs Ordo” Konqres Mərkəzində toplaşıblar.
Sammitdə iştirak etmək üçün Belarus Prezidenti Aleksandr Lukaşenko, Hindistanın Baş naziri Narendra Modi, İran Prezidenti Məsud Pezeşkian, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Pakistanın Baş naziri Şahbaz Şərif, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin Bişkekə gəliblər.
Dövlət və hökumət başçılarını Qırğızıstan Prezidenti Sadır Japarov qarşılayıb.
Qarşılanma mərasimindən və ailə fotosunun çəkdirilməsindən sonra nümayəndə heyətlərinin rəhbərləri sammitin keçiriləcəyi iclas zalına keçiblər.
Zirvə toplantısında regional və beynəlxalq məsələlər, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və ŞƏT çərçivəsində əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələrin aparılması gözlənilir.





