
Sentyabrın 1-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva və Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan ilə birlikdə Bişkekdə yerləşən “Ala-Arça” Dövlət iqamətgahında olub.
Qanuntv.az xəbər verir ki, Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova Mehriban Əliyevanı və digər birinci xanımları qarşılayıb.
“Ala-Arça” Dövlət iqamətgahında təşkil olunan mədəni proqram çərçivəsində birinci xanımlar Qırğızıstanın xalq dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Ekspozisiyada qırğız xalqının zəngin mədəni irsi, özünəməxsus ənənələri, əsrlər boyu formalaşmış sənətkarlığı və milli koloritini əks etdirən nümunələr təqdim olunub.
Sərgidə keçədən hazırlanmış məmulatlar, ənənəvi məişət əşyaları, xalq sənətkarlarının əsərləri və qırğız dekorativ-tətbiqi sənətinin müxtəlifliyini nümayiş etdirən digər əl işləri yer alıb.
Daha sonra qonaqlar üçün konsert proqramı təqdim edilib. Yaradıcılıq kollektivləri və ifaçılar qırğız xalqının milli mədəniyyətini, zəngin ənənələrini və qonaqpərvərliyini əks etdirən musiqi və rəqs nömrələri nümayiş etdiriblər.













