
Oktyabrın 20-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva və Özbəkistan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Saida Mirziyoyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olublar.
Qanuntv.az xəbər verir ki, ziyarət zamanı qonaqlara Türkmənistanda xalçaçılıq sənətinin qədim ənənələr əsasında qorunub saxlanılması və inkişaf etdirilməsi barədə məlumat verilib. Bildirilib ki, muzeydə türkmən xalqının zəngin mədəni irsini əks etdirən nadir və qiymətli xalça nümunələri mühafizə olunur.
Qeyd olunub ki, muzeydə 2001–2003-cü illərdə toxunmuş və “Ginnesin Rekordlar Kitabı”na daxil edilmiş dünyanın ən böyük xalçası, İkinci Dünya müharibəsi illərində qadınların çətin şəraitə baxmayaraq tamamladıqları ilk nəhəng xalça, eləcə də 2009-cu ildə muzeyin yeni binası üçün xüsusi olaraq toxunmuş xalçalar saxlanılır.
Muzeyin fondlarında ümumilikdə 2000-ə yaxın nadir və qədim xalça məmulatı, o cümlədən XVII–XIX əsrlərə aid qiymətli əl işi nümunələri yer alır. Bu eksponatlar türkmən xalqının əsrlər boyu formalaşmış sənətkarlıq ənənələrini və milli-mədəni dəyərlərini özündə əks etdirir.
Ziyarət çərçivəsində qonaqlara milli türkmən geyimlərinin moda nümayişi də təqdim olunub. Nümayişdə əl işi naxışlarla bəzədilmiş ipək libaslar, ənənəvi milli geyimlər və müasir elementlərlə zənginləşdirilmiş geyim nümunələri nümayiş etdirilib.











