
Bərdə Rayon Mərkəzi Xəstəxanasında köməksiz və huşsuz vəziyyətdə olan 70 yaşlı pasiyentə qarşı zorakılıq göstərilməsi faktı ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.
Qanuntv.az saytı Oxu.Az-a istinadən xəbər verir ki, hadisə xəstəxananın II Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsində baş verib. Şöbədə çalışan sanitar qadının stasionar müalicə alan, huşsuz vəziyyətdə olan pasiyentə qarşı fiziki şiddət göstərdiyi və onu nalayiq ifadələrlə təhqir etdiyi bildirilir.
Məlumata görə, hadisədən əvvəl 70 yaşlı kişi pasiyent huşsuz vəziyyətdə olarkən altını batırıb. Bundan sonra sanitar qadının ona qarşı aqressiv davranış nümayiş etdirdiyi və təxminən 40 dəqiqə ərzində fiziki zorakılıq göstərdiyi iddia olunur.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, aparılan daxili araşdırma zamanı əməkdaşın köməksiz və huşsuz vəziyyətdə olan pasiyentə qarşı qeyri-etik davranışa və zorakılığa yol verdiyi müəyyən edilib.
Faktla bağlı müəssisənin Tibbi Şurasında iclas keçirilib. Əməkdaşın əmək funksiyalarını və peşə etikası qaydalarını kobud şəkildə pozması, eləcə də əvvəlki intizam tənbehləri nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə 7 oktyabr 2026-cı il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.





