
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Bakının Qaradağ rayonunda “Fabriora Group” MMC-nin kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib.
Qanuntv.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Fabriora Group” MMC-nin təsisçisi İbrahim Uygur dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat veriblər.
Bildirilib ki, təxminən 11 hektar ərazidə yerləşən müəssisədə kağız və müxtəlif gigiyenik məhsullar, o cümlədən uşaq bezləri, salfetlər və yuyucu vasitələr istehsal olunacaq. İstehsal prosesində Almaniya, İtaliya və Türkiyənin müasir, yüksək avtomatlaşdırılmış texnologiyalarından istifadə ediləcək.
Müəssisədə istehsal olunacaq məhsulların Azərbaycan bazarı ilə yanaşı, Gürcüstan, Qazaxıstan, Rusiya, Yaxın Şərq ölkələri və digər xarici bazarlara ixracı nəzərdə tutulur.
Layihə çərçivəsində 240 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.
Məlumata görə, müəssisə İqtisadiyyat Nazirliyinin tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Layihənin ümumi investisiya dəyəri 27 milyon manat təşkil edir.
“Fabriora Group” MMC investisiya təşviqi sənədi əsasında avadanlıq idxalı zamanı ƏDV və gömrük rüsumları üzrə 1 milyon manat güzəşt əldə edib.
Yeni istehsal müəssisəsinin fəaliyyətə başlaması Azərbaycanda yerli istehsalın genişləndirilməsi, idxaldan asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafı baxımından mühüm addımlardan biri kimi qiymətləndirilir.
Müasir texnologiyaların tətbiqi ilə istehsal ediləcək məhsulların xarici bazarlara çıxarılması isə Azərbaycanın ixrac potensialının daha da artırılmasına imkan yaradacaq.












