
Türkiyə ilə Qətər arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım atılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşərək ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə edib.
Görüş əvvəlcə iki ölkə liderinin təkbətək söhbəti, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Qanuntv.az xəbər verir ki, görüş zamanı Türkiyə ilə Qətər arasında imzalanan Qarşılıqlı Müdafiə Sazişinin əhəmiyyəti xüsusi vurğulanıb.
Prezident Rəcəb Tayyib Ərdoğan sözügedən sazişin iki ölkə arasındakı münasibətlərə yeni ölçü qazandıracağını bildirib. O, Türkiyə və Qətər arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinin, xüsusilə müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Danışıqlar zamanı ticarət, enerji və müdafiə sənayesi istiqamətlərində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məsələləri də diqqət mərkəzində olub.
Tərəflər müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, mövcud əlaqələrin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər üzrə birgə fəaliyyətin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
İmzalanan Qarşılıqlı Müdafiə Sazişinin Türkiyə-Qətər münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirildiyi bildirilir.





