
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koştanın dəvəti ilə Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısında iştirak etmək məqsədilə İrlandiyada səfərdədir.
Noyabrın 12-də dövlətimizin başçısı İlham Əliyev Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirib.
Görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidentini 8 Noyabr – Zəfər Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edib.
Söhbət əsnasında Prezident Volodimir Zelenskinin Azərbaycana əvvəlki səfəri və həmin səfər çərçivəsində aparılmış müzakirələr məmnunluqla xatırlanıb. Tərəflər Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyətini, əməkdaşlığın genişləndirilməsi imkanlarını və qarşılıqlı maraq doğuran məsələləri ətraflı müzakirə ediblər.
Görüşdə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişaf perspektivlərinə xüsusi diqqət yetirilib. Eyni zamanda, özəl sektorun iştirakı ilə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın ölkəsinə göstərdiyi humanitar yardıma görə minnətdarlığını ifadə edib. Xüsusilə, Ukraynanın enerji infrastrukturunun dəstəklənməsi, elektrik avadanlıqlarının təchizatı istiqamətində Azərbaycanın göstərdiyi kömək yüksək qiymətləndirilib.
Söhbət zamanı Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri də diqqət mərkəzində olub. Ukrayna tərəfinin bu prosesləri böyük maraqla izlədiyi vurğulanıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı yenidənqurma, infrastrukturun bərpası və məskunlaşmanın təmin edilməsi istiqamətində qazandığı təcrübənin Ukrayna üçün də əhəmiyyət daşıya biləcəyi qeyd olunub.
Görüşdə Azərbaycan ilə Ukrayna arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi və gələcək qarşılıqlı fəaliyyət imkanları ətrafında da fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin beynəlxalq platformalarda keçirdiyi görüşlər Azərbaycanın xarici siyasət əlaqələrinin genişləndirilməsi, dost və tərəfdaş ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.





