
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana İzmir vilayətində metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.
Dövlət başçısı məktubunda faciə nəticəsində çoxsaylı insan tələfatı və yaralananların olması xəbərindən dərin sarsıntı keçirdiyini bildirib.
Prezident İlham Əliyev məktubunda qeyd edib:
"Əziz Qardaşım.
İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"




