
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.
Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına təhsil müəssisəsində yaradılmış müasir şərait, aparılan yenidənqurma işləri və tədris imkanları barədə ətraflı məlumat verib.
Bildirilib ki, Elm və Təhsil Nazirliyinin sifarişi ilə Şuşa Peşə Təhsili Mərkəzində əsaslı təmir işlərinə 2025-ci ilin mart ayında başlanılıb. Görülən işlər nəticəsində müəssisənin maddi-texniki bazası yenilənib, tədris və praktiki məşğələlər üçün müasir şərait yaradılıb.
İkimərtəbəli və 360 yerlik tədris binasında 9 emalatxana, 3 təlimat sahəsi, musiqi alətlərinin hazırlanması və bərpası emalatxanası, 5 tədris otağı, rəsm otağı, fizika və kimya laboratoriyaları, laborant, informatika və hərbi təlim otaqları, eləcə də yeməkxana fəaliyyət göstərəcək.
Mərkəzin beşmərtəbəli yataqxanasında da tələbələrin rahatlığı və təhsil imkanlarının genişləndirilməsi üçün zəruri şərait yaradılıb. Burada akt zalı, texniki yaradıcılıq sahəsi, emalatxanalar, kitabxana və elektron kitabxana, tədris və yataq otaqları, istirahət və fitnes otaqları, həmçinin ictimai iaşə obyekti yerləşir.
Şuşa Peşə Təhsili Mərkəzinin yenilənərək istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və peşəkar kadr hazırlığının təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, insan kapitalının inkişafı, gənclərin əmək bazarının tələblərinə uyğun ixtisaslara yiyələnməsi və müasir təhsil infrastrukturunun formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ölkənin müxtəlif bölgələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqlarla təchiz edilməsi bu sahədə həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir.
Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri peşəkar və ixtisaslı kadrlara olan tələbatı artırır. Bu baxımdan, Şuşa Peşə Təhsili Mərkəzi gələcək mütəxəssislərin hazırlanması, onların nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi və regionun əmək potensialının inkişafı üçün mühüm təhsil ocağına çevriləcək.
Mərkəzin fəaliyyətə başlaması Şuşada təhsil həyatının canlandırılması, gənclərin peşə seçimi imkanlarının genişləndirilməsi və Böyük Qayıdış prosesinin sosial-iqtisadi əsaslarının gücləndirilməsi baxımından əlamətdar hadisədir.












