
Nigeriyada 2023-cü ildə keçirilən “Miss Taraba” gözəllik müsabiqəsinin qalibi Komfort Uilyamsın vəfat etdiyi bildirilir. Gənc qadının ölümü ilə bağlı yayılan məlumatlar diqqət çəkib. Lakin onun hansı şəraitdə vəfat etdiyi hələlik açıqlanmayıb.
Qanuntv.az xəbər verir ki, bu barədə “Legit News” nəşri məlumat yayıb.
Məlumata görə, “Prime Planet Event Managers” adlı gözəllik müsabiqəsinin təşkilatçıları Komfort Uilyamsın vəfatını təsdiqləyiblər. Təşkilatın rəhbəri Disebe Donqa sosial şəbəkə hesablarında mərhumun ailəsinə və yaxınlarına ünvanlanan başsağlığı mesajı paylaşıb.
Təşkilatın açıqlamasında gənc qadının yalnız kollektivin üzvü deyil, həm də “Prime Planet” ailəsinin mühüm bir parçası olduğu vurğulanıb. Onun itkisi təşkilat üzvləri tərəfindən böyük kədərlə qarşılanıb.
Qeyd edək ki, Komfort Uilyams 2023-cü ildə regional gözəllik müsabiqəsinin onuncu qalibi kimi “Miss Taraba” tituluna layiq görülüb. Müsabiqədən sonra da təşkilatçılarla əməkdaşlığını davam etdirən Uilyams 2026-cı ilin yanvarında “Prime Planet Event Managers” təşkilatının idarəedici direktorunun müavini vəzifəsinə təyin edilib.
O, yeddi nəfərdən ibarət idarə heyətinin tərkibində gözəllik müsabiqələrinin təşkili və qurumun inkişafı istiqamətində fəaliyyət göstərib.
Bildirilib ki, Komfort Uilyams gözəllik sənayesindəki fəaliyyəti ilə yanaşı, ictimai tədbirlərdə də iştirak edib. 2024-cü ilin oktyabrında digər müsabiqə qalibləri ilə birlikdə Nigeriyanın paytaxtı Abucada Milli Assambleyada qonaq olub və senator Manu Harunla görüşüb.
Gənc qadının qəfil vəfatının səbəbi və hadisənin təfərrüatları ilə bağlı hələlik rəsmi məlumat verilməyib.





