
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfərləri çərçivəsində alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər.
Müəssisənin fəaliyyətə başlaması işğaldan azad edilmiş ərazilərdə iqtisadi potensialın gücləndirilməsi, sənaye infrastrukturunun genişləndirilməsi və yeni istehsal sahələrinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısının və birinci xanımın açılış mərasimində iştirakı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesinə, eyni zamanda, özəl sektorun inkişafına göstərilən yüksək diqqətin növbəti nümunəsidir.
Son illərdə azad edilmiş ərazilərdə yollar, elektrik və su infrastrukturu, yaşayış məntəqələri ilə yanaşı, sənaye və istehsal müəssisələrinin də yaradılması istiqamətində mühüm addımlar atılır. Bu layihələr bölgənin iqtisadi həyatının canlanmasına, yerli məşğulluğun artırılmasına və əhalinin doğma torpaqlarına qayıdışının sosial-iqtisadi əsaslarının möhkəmləndirilməsinə xidmət edir.
Cəbrayılda yeni istehsal müəssisəsinin fəaliyyətə başlaması rayonun iqtisadi dirçəlişinə töhfə verməklə yanaşı, işğaldan azad edilmiş torpaqların yalnız yaşayış üçün deyil, həm də istehsal, sahibkarlıq və investisiya məkanı kimi inkişaf etdirildiyini nümayiş etdirir.
Bu gün Qarabağda aparılan quruculuq işləri Azərbaycanın güclü iqtisadi imkanlarının, dövlət iradəsinin və gələcəyə hesablanmış inkişaf strategiyasının bariz ifadəsidir.





