
Azərbaycanda sürücülük vəsiqələrinin dəyişdirilməsi zamanı müəyyən hallarda vətəndaşların dövlət rüsumundan azad edilməsi nəzərdə tutulur.
Təklif olunan dəyişikliklərə əsasən, sürücülük vəsiqəsinin dəyişdirilməsi zərurəti sənəddəki yazı səhvləri ilə əlaqədar olduqda, bu əməliyyat üçün dövlət rüsumu tutulmayacaq.
Bununla yanaşı, qanun layihəsində məcburi köçkünlərlə bağlı da mühüm güzəştlər əksini tapıb.
Belə ki, məcburi köçkünlər 1994-cü il iyunun 1-dək mülkiyyət hüququ əsasında əldə etdikləri şəxsi minik avtomobillərinin texniki baxışdan keçirilməsi, texniki pasportlarının və dövlət nömrə nişanlarının, eləcə də sürücülük vəsiqələrinin dəyişdirilməsi zamanı müvafiq dövlət rüsumlarını ödəməkdən azad olunacaqlar.
Qeyd edək ki, bu müddəalar “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişikliklər layihəsində nəzərdə tutulub.





