
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb.
Bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib.
Onun sözlərinə görə, anasının səhhətində yaranan problemlər səbəbindən ailə onu xəstəxanaya yerləşdirmək məcburiyyətində qalıb.
Kəmalə Həşimova bildirib ki, Səmayə Həşimovanın şəkərli diabet, böyrək və ürək çatışmazlığı, eləcə də digər daxili orqanları ilə bağlı ciddi sağlamlıq problemləri mövcuddur.
Hazırda o, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada müalicə alır. Ailə üzvünün verdiyi məlumata əsasən, xəstənin səhhətində müəyyən irəliləyiş müşahidə olunur.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Onun Vətənə sədaqəti, qəhrəmanlığı və əsgərləri ilə bir sırada döyüş mövqeyində olması Azərbaycan xalqının yaddaşında əbədi yaşayır.





