
Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan Zəngəzurun Şəki kəndində saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı açıqlama verib.
Ermənistan mediasının məlumatına görə, Poqosyan hərbçinin dindirildiyini və ifadəsində hadisənin təfərrüatlarını açıqladığını bildirib.
Onun sözlərinə görə, Nəsimi Musayev ifadəsində heç kimi öldürmək niyyətində olmadığını deyib. Bildirilib ki, azaraq kəndə daxil olan hərbçi evlərdən birinə gedərək orada yemək hazırlayıb və paltarını dəyişib.
Ermənistan rəsmisinin iddiasına əsasən, daha sonra evə daxil olan uşaqların mobil telefonlarını götürən hərbçi onlara qarşı hər hansı zorakılıq törətməyib.
Artur Poqosyan, həmçinin azərbaycanlı hərbçiyə bir neçə maddə üzrə ittiham irəli sürüldüyünü qeyd edib.
Xatırladaq ki, Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. O, Ermənistan məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs edilib.
Hadisə ilə bağlı Ermənistan tərəfinin açıqladığı məlumatlar rəsmi mövqe kimi təqdim olunur.





