
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Qanuntv.az xəbər verir ki, sənəd işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından səmərəli istifadə olunması, həmin ərazilərdə kənd təsərrüfatının bərpası və inkişaf etdirilməsi, müasir texnologiyalar əsasında rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı infrastrukturunun yaradılması məqsədi daşıyır.
Fərmana əsasən, Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılır.
Yeni aqropark müasir texnologiya və üsulların tətbiqi ilə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, eləcə də məhsulların saxlanılması, çeşidlənməsi və satışının təşkili üçün nəzərdə tutulmuş xüsusi iqtisadi fəaliyyət ərazisi olacaq.
Sənəddə qeyd olunur ki, aqropark sahibkarlıq subyektlərinin səmərəli fəaliyyətinə və inkişafına şərait yaradacaq, aqrar-sənaye sahəsində biznes imkanlarının genişləndirilməsinə xidmət edəcək.
Zəngilan Aqroparkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin hazırlanması və həyata keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinə həvalə edilib. Agentlik, həmçinin bu istiqamətdə nəzərdə tutulan dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsində iştirak edəcək.
Fərmana əsasən, aqroparkın ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, daxili və xarici infrastrukturunun yaradılması, eləcə də müvafiq layihələndirmə işlərinin aparılması üçün ilkin maliyyə vəsaiti ayrılıb.
Belə ki, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İqtisadi Zonaların İnkişafı Agentliyinə ilkin olaraq 500 min manat vəsait yönəldilib.
Ayrılan vəsait elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, yol-nəqliyyat, yanğından mühafizə, istehsal və emal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektlərinin yaradılması ilə bağlı layihələndirmə işlərinə sərf olunacaq.
Zəngilan Aqroparkının yaradılması işğaldan azad edilmiş ərazilərdə aqrar sektorun inkişafı, yerli istehsalın genişləndirilməsi, yeni investisiya imkanlarının formalaşdırılması və əhalinin məşğulluğunun artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Layihənin həyata keçirilməsi bölgənin iqtisadi potensialının reallaşdırılmasına və Qarabağla Şərqi Zəngəzurda qeyri-neft sektorunun inkişafına töhfə vermək məqsədi daşıyır.




