
Meksikanın “Así Lo Dice México” qəzetində Federiko La Montun müəllifi olduğu məqalədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi rəhbərliyi, hərbi strategiyası və ölkəmizin ərazi bütövlüyünün bərpasındakı rolu geniş şəkildə təhlil edilib.
Qanuntv.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Məqalədə müasir dövlətçilik tarixində siyasi strategiya ilə hərbi rəhbərliyin uzlaşdırılmasının əhəmiyyətindən bəhs olunub. Müəllif bu kontekstdə Prezident İlham Əliyevin liderliyini, Vətən müharibəsi dövründə nümayiş etdirdiyi qətiyyətli mövqeyi və strateji qərarlarını xüsusi vurğulayıb.
Yazıda qeyd olunub ki, 44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin rəhbərliyi, siyasi iradəsi və qətiyyətli mövqeyi Azərbaycanın milli maraqlarının təmin olunmasında mühüm rol oynayıb. Dövlət başçısının “Qarabağ bizimdir!” bəyanatı isə müəllif tərəfindən Azərbaycanın milli kimliyinin və ərazi bütövlüyünün bərpası prosesinin rəmzi ifadələrindən biri kimi qiymətləndirilib.
Federiko La Montun qənaətinə görə, siyasi qərarların hərbi əməliyyatların gedişi ilə düzgün uzlaşdırılması Azərbaycanın əldə etdiyi tarixi Qələbənin mühüm amillərindən olub.
Məqalədə 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli Bəyanata da diqqət yetirilib. Sənəd müharibənin başa çatmasında və bölgədə yeni reallıqların formalaşmasında mühüm mərhələ kimi təqdim olunub. Müəllif Şuşa şəhərinin azad edilməsindən sonra yaranmış hərbi-siyasi vəziyyətin Azərbaycanın mövqelərinə təsirini də vurğulayıb.
Yazıda Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbə qədim Çin hərbi strateqi Sun Tzunun “Müharibə sənəti” əsərində irəli sürülən prinsiplər kontekstində də təhlil edilib. Bildirilib ki, uğurlu hərbi strategiya yalnız döyüş meydanındakı üstünlüklə məhdudlaşmır. Bunun üçün uzunmüddətli hazırlıq, iqtisadi və texnoloji potensialın gücləndirilməsi, milli birliyin qorunması və cəmiyyətin mənəvi ruhunun yüksək səviyyədə saxlanılması da vacib şərtlərdir.
Müəllif Azərbaycanın müasir hərbi texnologiyalardan, o cümlədən zərbə dronlarından və yüksəkdəqiqlikli silah sistemlərindən istifadəsinə də xüsusi yer ayırıb. Ordunun texnoloji imkanlarının genişləndirilməsi və müasir döyüş strategiyalarının tətbiqinin hərbi əməliyyatların nəticələrinə əhəmiyyətli təsir göstərdiyi qeyd olunub.
Məqalədə Azərbaycanın beynəlxalq diplomatiya sahəsində həyata keçirdiyi siyasət də strateji yanaşmanın mühüm istiqamətlərindən biri kimi dəyərləndirilib. Müəllif beynəlxalq münasibətlərin qorunmasını, qonşu dövlətlərlə əlaqələrin davam etdirilməsini və diplomatik imkanlardan səmərəli istifadəni dövlət suverenliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli hesab edib.
Yazıda 8 Noyabr – Zəfər Gününün tarixi və mənəvi əhəmiyyəti də xüsusi vurğulanıb. Bildirilib ki, bu tarix Azərbaycan xalqı üçün yalnız hərbi Qələbənin ildönümü deyil, eyni zamanda, milli birliyin, suverenliyin və tarixi ədalətin bərpasının təcəssümüdür. 2021-ci ildən etibarən rəsmi şəkildə qeyd olunan Zəfər Günü xalqın milli qürurunun və dirçəlişinin rəmzinə çevrilib.
Federiko La Mont məqaləsinin sonunda siyasi liderlik, strateji düşüncə və ərazi suverenliyinə sadiqliyin vəhdətinin Azərbaycanın təcrübəsini milli strategiya baxımından diqqətəlayiq nümunəyə çevirdiyini qeyd edib.
Meksika mətbuatında dərc olunan bu məqalə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbənin, ölkəmizin hərbi potensialının və siyasi-diplomatik strategiyasının beynəlxalq informasiya məkanında müzakirə olunmasının daha bir nümunəsidir.





